İsrailin baş naziri Benyamin Netanyahu bazar günü, avqustun 25-də İranın lideri Əli Xameneiyə müraciət edərək bildirib ki, İsrailin Livan Hizbullahına qarşı qabaqlayıcı hücumları vəziyyəti dəyişmək üçün bir addımdır.
“The Times of Israel”in yazdığına görə, Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında deyib: “Beyrutda Nəsrullah və Tehranda Xamenei bilməlidir ki, bu, İsrailin quzeyindəki vəziyyəti dəyişmək və vətəndaşlarımızın sağ-salamat evlərinə qayıtması istiqamətində növbəti addımdır”.
Livanın Hizbullaı qruplaşması elan edib ki, qruplaşmanın yüksək səviyyəli hərbi komandiri Fuad Şokrun öldürülməsinə "ilkin cavab" olaraq İsrailə 320 raket atıb və ölkənin quzeyindəki 11 hərbi bazanı hədəf alıb.
İsrail mediasının məlumatına görə, bu hücumların başlamasına bir neçə dəqiqə qalmış bu ölkənin ordusu yüzlərlə döyüşçüsü ilə qabaqlayıcı hərəkətdə Hizbullahın atıcılarına hücum edib.
Benyamin Netanyahu verdiyi açıqlamada İsrailin Livanın güneyindəki Hizbullah mövqelərinə hücumlarının İsrailin hərəkətlərinin sonu olmadığını vurğulayıb.
O deyib: “Hizbullah İsrailə raket və dronlarla hücum etməyi planlaşdırırdı. Biz İsrail ordusuna bu təhlükəni aradan qaldırmaq üçün güclü və qabaqlayıcı hücuma keçməyi əmr etdik”.
Bir neçə saat öncə İsrailin xarici işlər naziri İsrael Kats dünyanın onlarla ölkəsindəki həmkarlarına birbaşa mesaj göndərərək, "İranın şər oxuna" qarşı ölkəsini dəstəkləmələrini istəyib.
Livan Hizbullahı qruplaşmasının ən yüksək səviyyəli komandiri Fuad Şokrun iyulun 29-da öldürülməsindən və iyulun 30-da Həmas-ın Tehrandakı siyasi ofisinin rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra İsrail və İslam Respublikası və onun vəkil qrupları arasında gərginliyin yeni mərhələsi başlayıb.
İslam Respublikası İsmayıl Haniyənin öldürülməsinə görə qisas alacağına söz verib və Livan Hizbullahı bu qrupun İsrailə qarşı raket hücumlarının Fuad Şokrun öldürülməsinin qisasının “ilk mərhələsi” olduğunu bildirib.
Şərhlər